Rus bölməsində Azərbaycan dilində tədris - MÜZAKİRƏ  

11:48 01.12.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, 2022-2023-cü tədris ilindən başlayaraq Azərbaycanın orta ümumi təhsil məktəblərinin rus bölməsində “Azərbaycan tarixi” fənni dövlət dilində tədris olunur. Amma bu addım hələlik ölkədə fəaliyyət göstərən orta ümumi təhsil məktəblərinin bütün rus bölmələrini əhatə etmir. Belə ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, bu tədris ilində ölkənin yalnız 20 ümumi təhsil müəssisəsinin tədris digər dillərdə aparılan bölmələrinin V siniflərində “Azərbaycan tarixi” fənni dövlət dilində tədris ediləcək. Cari ildə 20 məktəbdə pilot layihənin nəticələri təhlil edildikdən sonra növbəti il üçün qərar qəbul ediləcək.

Bəs, görəsən, rus bölməsində Azərbaycan dilində tədrisin genişləndirilməsi nə dərəcədə vacibdir? Hazırda bu bölmə üzrə hansı fənlər Azərbaycan dilində tədris olunur və gələcəkdə hansı fənlərin əlavə olunacağı gözlənilir? Mövcud normativlərə görə rus bölməsində Azərbaycan dilində tədris neçə saat olmalıdır?

Mövzu ilə bağlı qəzetimizə danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda Azərbaycanın 4432 orta ümumtəhsil məktəbində 1.6 milyon şagird təhsil alır:

“Şagirdlərin bölmələr üzrə təhsilalma saylarına baxsaq görərik ki, 1.4 milyon şagird Azərbaycan bölməsində təhsil alır. 4432 məktəbin 340-da rus bölməsi fəaliyyət göstərir. Ümumilikdə, ölkə üzrə 90 min şagird rus bölməsində təhsil alır. Eyni zamanda, 50 minə yaxın şagirdimizə xarici dil kimi rus dili tədris olunur.  Azərbaycan Respublikasının Konstitusiyasında və təhsil haqqında qanunda qeyd olunur ki, hər bir şəxs öz ana dilində, eyni zamanda istədiyi dildə təhsil almaq hüququna malikdir. Azərbaycanda bu birmənalı şəkildə təmin olunur.

Qeyd edim ki, Azərbaycanda rus bölməsi üzrə tədrisin təşkili qaydaları mövcuddur. Həmin sənəddə pedaqoji normalar təsbit olunub. Yəni, birmənalı şəkildə orta ümumtəhsil məktəblərində tədris yükünün müəyyən edilməsi ilə bağlı elm və təhsil nazirinin qərarı olur. Bu normativ akt hər il yenilənir və siniflər üzrə dərs yükü müəyyən olunur. Dünya təcrübəsində də qeyd edilir ki, həmin ölkənin dili, tarixi və coğrafiyası əsasən həmin ölkənin dilində tədris olunur. Azərbaycanda isə ona görə zəruridir ki, biz ali məktəblərə uşaqların qəbulunun nəticələrində görürük ki, rus bölməsinin hətta yüksək bal toplayan abituriyentləri dövlət dilindən o qədər də yaxşı imtahan vermirlər. Bunun birinci səbəbi rus bölmələrində “Azərbaycan dili” fənninin tədris saatının az olması idi. Bununla bağlı nazirlik normativ akta dəyişiklik etdi və “Azərbaycan dili” fənninin dərs saatı rus bölməsində 2-dən 3 saata qaldırıldı. Eyni zamanda, artıq “Azərbaycan tarixi” fənni də Azəbaycan dilində tədris olunur. Çünki Azərbaycan ərazisində yaşayan hər bir vətəndaş Azərbaycan dilini mükəmməl bilməli, danışmalı, dinləməli, anlamalı, özünü ifadə etməyi bacarmalıdır. Eyni zamanda Azərbaycan tarixi ilə bağlı müfəssəl biliklərə malik olmalıdır. Dünyanın bütün ölkələrində belədir, hər bir xalq öz dilini və tarixini öz dilində çatdırmağa çalışır. Fikrimcə, bu addım milli vətənpərvərlik, milli düşüncə baxımından müsbət nəticəsini göstərəcək. Ola bilər ki, gələcəkdə “Azərbaycan coğrafiyası” fənni də Azərbaycan dilində tədris olunsun. Amma bu istiqamətdə addım atılacaqsa, bu sahə üzrə yaxşı mütəxəssisin olması da vacibdir. İlk növbədə əsas məsələ rusdilli kontingentlə işləyən müəllimin olmasıdır. Düzdür, ölkədə kifayət qədər cografiya müəllimi var. Amma gəlin görək bu müəllimlərin mütləq əksəriyyəti rus dilini bilirmi? Təbii ki, bilmir. Ona görə biz ilk növbədə rusdilli kontingentlə işləyə biləcək mütəxəssis məsələsini həll etməliyik".

Məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov isə qeyd edib ki, Azərbaycan müstəqillik qazanandan sonra orta məktəblərdə rus dili xarici dillər qrupuna daxil edilib: “Bir müddət rus dilinə qarşı bəzi şəxslər tərəfindən radikal fikirlər səsləndi. Əksər məktəblərdə rus dili tədris planından çıxarıldı və fakültativ hesabına tədris olunmağa başladı. Bir çox məktəblərdə ümumiyyətlə, tədris olunmadı. Bu, ona gətirib çıxardı ki, bizim rus dili müəllimləri müəllimlik peşəsini tərk etdilər və başqa sahələrə keçdilər. Hazırda kadr çatışmazlığı reallıqdır. Yaranan problemi aradan qaldırmaq üçün uşaqları daha çox Azərbaycan bölməsinə cəlb etmək və rus bölməsində “Azərbaycan tarixi”, “Azərbaycan ədəbiyyatı” və “Azərbaycan coğrafiyası” fənlərinin Azərbaycan dilində keçirilməsi ilə bağlı təkliflər səsləndi. Hesab edirəm ki, bu, məsələnin həlli deyil. Uşaq həm o dildən, həm bu dildən olacaq. Digər tərəfdən düşünürəm ki, rus və ya digər tədris bölməsinin uşağını “Azərbaycan tarixi”ni və ya başqa fənni Azərbaycan dilində keç” deyə məcbur etmək hüquq pozuntusudur. “Azərbaycan tarixi” fənninin tədrisinin dövlət dilinə keçirilməsinə gəlincə, bir neçə il əvvəl rus bölməsində təkcə bu fənnin deyil, Azərbaycan ədəbiyyatının, eləcə də coğrafiyanın tədrisi ilə bağlı təkliflər səslənirdi. Hesab edirəm ki, bu yanaşma kökündən yanlışdır. Ayrı-ayrı fənlərin tədris dilini əvəz etmək düzgün deyil. Bundan yaxşı heç nə gəlməyəcək. Başqa bir məsələ odur ki, rus bölməsində Azərbaycan dilinin tədrisini gücləndirmək, onun öyrənilməsi üçün saatların əlavə edilməsi lazımdır. Təbii ki, hər bir tələbə dövlət dilini mükəmməl bilməlidir”.